» » TRT-AzTV əməkdaşlığında önəmli addım

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

TRT-AzTV əməkdaşlığında önəmli addım


TRT-AzTV əməkdaşlığında daha bir önəmli addım atılıb.
“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TRT-nin bir qrup aparıcı mütəxəssisi bu gündən etibarən AzTV-də təlimlərə başlayır.
14 gün davam edəcək təlimlər TV-nin müxtəlif sahələrini əhatə edəcək.

Xəbər müxbirləri, operatorlar, rejissorlar, redaktorlar, PR və sosial media mütəxəssislərinin keçəcəyi təlimlər həm də təcrübə mübadiləsi əsasında baş tutacaq.
Bu münasibətlə bu gün QSC-də görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, QSC-nin sədri Rövşən Məmmədov və TRT-nin rəhbər müavini Fethi Fahri Kaya, həmçinin QSC əməkdaşları iştirak ediblər.

R.Məmmədov əvvəlcə AzTV-TRT əməkdaşlığından danışaraq qeyd edib ki, hər iki kanalın bir məqsədi var: “Daim qabağa getmək, daim irəliləmək. Bu yolda TRT bizimlə bərabərdir. Niyə məhz TRT? Çünki TRT doğma Türkiyəmizin əsas media platformasıdır. TRT Türkiyə mediasının anası olmaqla yanaşı, reytinqdə birincidir. Vaxtilə reytinq sıralarında axırıncı yerlərdə idi, lakin son illərdə əldə etdiyi nəticələr göz önündədir. Reytinqdə ön sıralardadır. AzTV-nin xətti TRT-yə uyğundur. Hər iki kanal eyni ideoloji işi aparır. Eyni amalı daşıyır.
Əslində, bu gün başlanan tədris prosesi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Bu başlanğıcdır. Çox böyük işlərimiz, nəticələrimiz olacaq”.

R.Məmmədov əlavə edib ki, təlimlər sadəcə auditoriya dərslərindən ibarət olmayacaq: “Aparıcılar aparıclarla, operatorlar operatorlarla, digər mütəxəssislər isə öz sahələrinə aid əməkdaşlarla vaxt keçirəcək. İki həftə ərzində dəyərli həmkarlarımız sanki AzTV-nin əməkdaşı olacaq. Hər iki tərəf bu görüşdən mütləq şəkildə yararlanmalıdır”.

Sədr onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda AzTV-də çalışan müxbir heyəti Türkiyəyə - TRT-yə göndəriləcək: “Onları orada çalışdırmaq fikrindəyik. Bir sözlə, bu iş birliyinin çox böyük nəticələri olacaq. Uzun müddət iki kanal arasında yalnız sözdə olan fikirlər, bu gün praktiki olaraq həyata keçirilir”.

Səfir Cahit Bağçı isə Türkiyə mediasının İkinci Qarabağ müharibəsindəki fəaliyyətinə diqqət çəkib: “Türkiyə hər mənada Azərbaycanın yanında oldu, bu ölkənin həqiqətlərini dünya Türkiyə mediası vasitəsilə eşitdi. Hər sahədə iş birliyimiz inkişaf edir, edəcək. Media sahəsində də iş birliyimizi gücləndirmək məcburiyyətindəyik. Bizim bizdən başqa dostumuz yoxdur. Bunun ən yaxşı nümunəsi Şuşa Bəyannaməsidir”.

Səfir Azərbaycan-Türkiyə mütəxəssislərinin iş birliklərini təcrübə mübadiləsi ilə inkişaf etdirə biləcəyini vurğulayıb.

TRT-nin rəhbər müavini Fethi Fahri Kaya isə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: “İş birliyimiz hər zaman davam edəcək. AzTV-də bir həftəlik tədris proqramı nəzərdə tutmuşduq, lakin artırdıq. Əməkdaşlığımızın uğurlu olacağına inanıram”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor