» » BİLAL ALARLI İLƏ ATÜSTÜ GÖRÜŞ

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

BİLAL ALARLI İLƏ ATÜSTÜ GÖRÜŞ

Bilal Alarlını çoxdan tanıyıram. Bilal həm şair, həm də alim kimi maraqlı, eyni zamanda məhsuldar, yaradıcı insandır. İndiyə qədər 35 kitabı işıq üzü görüb. Bu yaxınlarda yenə onunla atüstü görüşdük. Özü ilə iki kitab gətirmisdi, biri özünün “Son dua” adlı kitabı, o biri özü haqqında yazılan kitabdı (“Əyalətin ədəbiyyat mogikanı”). Təbii ki, bu kitablar haqqında da ayrı məqalələr yazacağam, amma dostumla bu görüş məndə xoş duyğular oyatdığından bunu olduğu kimi yazmağı qərara aldım.

– Bilal, həyatdan razısanmı?

– Razıyam. Ömrüm boyu işsiz qalmamışam, işlədiyim bütün yerlərdə savadıma, zəhmətimə, qabiliyyətimə dəyər veriblər.

– Sənə qarşı biganəlik olubmu?

– Qırx ilə yaxın pedaqoji stajım var, bölgənin orta məktəblərində işləyən tək-tük fəlsəfə doktorlarından biriyəm. Elə ikinci yerimdə də müəllimlərin yaradıcılığına biganə qalmadım, kitablarını nəşrə hazırladım, tələbələrin iki poetik toplusunu öz şəxsi vəsaitimlə çap etdirdim. Onlardan çox şey yox, sadəcə, bir təbrik gözləyirdim. Gözlədiyim olmadı, daha nə deyim.

– Eşitdiyimə görə vaxtilə baban Alarda kəndxuda olub.

– Bəli. Hüseyn babam iki il Aların kənxudası olub. Tarix nəslimizin bu uğurunu mənim simamda təkrarladı. Elə iki il mən də yaşadığım kəndin İcra nümayəndəsi vəzifəsini icra etdim.

– İndiyə qədər yaxşı insanlara da, bədxahlara da rast gəlmisiniz. Bu, təbiidir. Sənə pislik edənlərə kin bəsləmisənmi?

– Heç vaxt pislik etməmişəm, kin saxlamağı da özümdən uzaq tutmuşam. Hətta mənə pislik edənlərə imkanım olanda yaxşılıq etmişəm. Axı insan olanın əsas işi yaxşılıqdır. Yaxşılıq ola-ola niyə pislik eləyəsən ki?! – mən həmişə belə düşünmüşəm.

– Bilal, sən təbli bir şairsən, yəqin bədahətən dediyin şeirlər də var. Bunlardan heç olmazsa bir bənd deyərsənmi?

– Belə şeirlər var.

Köz idi, gözümün nuru çəkildi,

Dərdimi söyləyim kimə, qocaldım?

Könül rübabımı çala bilmədim,

Mizrab toxunmadı simə, qocaldım.

– Yaşın altmışı keçdiyinə görə belə deyirsən?

– Sağ olmuş, qulaq as, buna da sözüm var.

Deyirlər, altmışı aşmaq hünərdi,

Ömür baş götürüb yetmişə gedir.

Qovğa at oynadır başının üstə,

Bəla da fürsəti getmişə gedir.

– Atalar üçəcən deyib. Bir şeir də de, üç olsun.

– Yaxşı.
Bilal, şöhrət üçün girmədin gözə,

Ömrü qurban verdim Haqq ilə Düzə.

Mən calaq olmadım sənətə, sözə,

Özümü özüm tək əkib gedirəm.

– Bir az da söhbət etsəydik...

– Yolçu yolda gərək. Molla Pənah Vaqif demişkən: “Getməyin binası hayıf ki, yoxdur”. Bir də gün bu gündürmü?! Hələ neçə dəfə görüşəcəyik – bunun burasını Allah bilir. Gələn görüşlərə də bir şey qalsın.

– Yaxşı yol.

– Salamat qal, yenə görüşərik. Səmimiyyət olan yerdə görüş də olar, məclis də.



Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə diktoru, dosent
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor