» » İlham İsmayılov: "Bu gündən sonra hamımız Qərbi Azərbaycanlı olmalıyıq"

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

İlham İsmayılov: "Bu gündən sonra hamımız Qərbi Azərbaycanlı olmalıyıq"

Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovdur.

- İlham müəllim, bu günlərdə Niderlandın Haaqa şəhərində keçirilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” adlı beynəlxalq konfransın təşkilatçılarından birisiniz. Siz uzun illərdir ki, Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması istiqamətində Avropada mütamadi tədbirlər keçiribsiniz. Bu tədbir isə fərqli bir mövzunu əhatə edirdi.

- Bilirsiniz ki, İndiki Ermənistan ərazisindən son yüz ildə azərbaycanlılar bir neçə dəfə qovulub, deportasiya olunub və məcburi köçə sürükləniblər. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, zorakılıq və soyqırımı siyasəti 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi qəddarlıqla müşahidə olunub.

Ötən əsrdə müxtəlif bəhanələrlə öz doğma yurdlarından deportasiya olunan soydaşlarımız öz vətənləri olan Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinə də pənah aparıblar. Əsrin əvvəllərində Türkiyə, Rusiya daha sonra dünyanın dörd bir yanına səpələnmiş Qərbi Azərbaycanlılar getdikləri ölkələrdə ictimai fəallıqları ilə ön planda olublar. Bu gün dünyanın bir çox aparıcı ölkələrində Azərbaycan həqiqətlərinin təbliğində, Ermənistanın işğalçılıq siyasətinin tanıdılmasında məhz həmin soydaşlarımızın çox böyük fədakarlıqlar göstərdiyini müşahidə etmişəm. Onlar Azərbaycan diasporunun yaranmasında və mütəşəkkil qaydada fəaliyyət göstərməsində çox yaxından iştirak ediblər.

Bildiyiniz kimi, 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilib və cəmiyyət 2022-ci ildən “Qərbi Azərbaycan İcması” adı altında fəaliyyət göstərir. Azərbaycan prezidentinin xüsusi qayğısı və təşəbbüsü ilə yaradılan Qərbi Azərbaycan İcması öz torpaqlarından qovulmuş soydaşlarımız üçün bir ümid yerinə çevrilməklə, həm də hər birimiz üçün yeni bir hədəf müəyyənləşdirmiş oldu. Qarabağın işğaldan azad olunması, Ermənistanın kapitulyasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı başladılan genişmiqyaslı işlər Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdacağı ümidini də artırmış oldu. Bunun üçün İcma tərəfindən əsaslı şəkildə Qayıdış Konsepsiyası da hazırlandı. Bu Konsepsiyanın həyata keçirilməsi üçün beynəlxalq dəstəyin alınması, problemlə bağlı geniş məlumatlandırma işlərinin aparılması zərurət kimi ortaya çıxır. Bizim təşkilat da bunu nəzərə alaraq, belə bir layihə ilə çıxış etdi və layihəmiz QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəkləndi.

- Bu layihənin əsas məqsəd və vəzifələri nədən ibarət idi?

- Bu gün Avropanın aparıcı ölkələrində Qərbi Azərbaycan əsilli minlərlə soydaşımız yaşamaqdadır. Bu layihənin də əsas məqsədi həmin soydaşlarımızla müzakirələr aparmaq, onların bu məsələlərə baxışlarını cəmiyyətə çatdırmaq və beynəlxalq aləmdə Qərbi Azərbaycan həqiqətlərinin gündəmə gətirilməsi idi. Eyni zamanda Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri haqqında beynəlxalq təşkilatlara məlumat vermək əsas məqsədlərimizdən idi.

Aydındır ki, Qərbi Azərbaycana Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi beynəlxalq aləmin problemlə bağlı məlumatlandırılması, beynəlxalq təşkilatlardan və ictimayyətdən dəstəyin alınmasıdır. Qərbi Azərbaycanlıların öz torpaqlarından qovulmasını, Ermənistan ərazisində mülkiyyət hüquqları da daxil olmaqla bütün hüquqlardan məhrum olunmalarını Avropanın siyasi mərkəzlərindən biri olan Haaqa şəhərində gündəmə gətirdik. Layihənin Niderland Krallığının Haaqa şəhərində keçirilməsində də əsas məqsədlərdən biri bu şəhərdə Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyət göstərməsidir. Tədbirimizi də Niderland Parlamentinin Media Mərkəzində keçirdik ki, hesab edirəm mövzu ilə yanaşı konfransın keçirilməsində seçilən yer də çox vacib idi.

- Tədbirdə kimlər iştirak edirdi və Qərbi Azərbaycanla bağlı beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bu tədbirin təşkilatçısı bizimlə birlikdə Benilüks Azərbaycanlıları Konqresi idi. Layihənin uğurlu alınmasında şəxsən Konqresin sədri Elsevər Məmmədov və komandasının böyük xidmətləri olmuşdur. Eyni zamanda Avropadakı dostlarımız Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncer Sarı kimi dostlarımız da bizimlə bilrlikdə oldular, öz dəstəklərin verdilər. Eyni zamanda İrəvan xanı nəslinin davamçısı Amir Ali Serdari İrəvani də konfransımızda iştirak və çıxış etdi. O, bildirdi ki, Avropa məkanında bu cür tədbirlər keçirməklə, öz tarixi torpaqlarımızdan deportasiya olunmağımızı hər kəsə anlatmalıyıq.
Azərbaycandan isə sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində mənimlə birlikdə millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli iştirak edirdi. Mən fürsətdən istifadə edib, layihəmizə dəstək verən hər kəsə bir daha təşəkkür edirəm. Bu sözü həmişə demişəm; Biz Qarabağ problemi həll olunanadək hamımız Qarabağlıydıq, bu gündən sonra isə hamımız Qərbi Azərbaycanlı, İrəvanlı, Göyçəli, Zəngəzurlu, Dərələyəzli olmalıyıq. Yeri gələndə Təbrizli, Dərbəndli, Borçalılı olmaq bizim üçün bir şərəf məsələsi olmalıdı. /Demokrat.az

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor