» » QHT-lər Bəyanat qəbul ediblər

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT-lər Bəyanat qəbul ediblər

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib.
Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Günel Səfərova və aidiyyati QHT rəhbərləri iştirak ediblər.
Görüşün məqsədi gender zəminində zorakılıqla bağlı baş verən hadisələr, qadın və uşaqlara yönəlmiş şiddət halları mövzusunda QHT-lərin müzakirəsi olub.
Görüşdə aidiyyati QHT-lərin zorakılıqla mübarizədə fəal iştirakının problemin həllində müsbət rolundan, gender zəminində zorakılıq mövzusunda QHT-lərin fəaliyyətinin gücləndirilməsindən, dövlət qurumları ilə əməkdaşlıq edilməsindən, Azərbaycanda ilk dəfə gender zəminində zorakılıqla bağlı Milli Fəaliyyət Planına uyğun olaraq QHT-lərin və müvafiq dövlət qurumlarının iştirakı ilə hadisələrə daha operativ reaksiya verilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə “Gender gündəmi” hazırlanmasından danışılıb.
Sonda QHT sədrləri adından bəyanat qəbul olunub.
Bəyanatda deyilir:
Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə qadınlar arasında aparılan bölgüdə bərabərsizliyin və ədalətsizliyin nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər, əks cinsin nümayəndələrinə qarşı yönəldilən ədalətsizliyin isə, əsasən, ailə daxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir.
Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. Təəssüf ki, o, nə yaş həddi, nə də coğrafi sərhəd tanıyır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı da öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. 44 günlük Vətən müharibəsi zamanı da bunun canlı şahidi olduq. Düşmən Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, xeyli sayda qadın və uşağı vəhşicəsinə qətlə yetirmişdir.
Ölkəmizdə qadına hörmət təməl dəyərlərdən olaraq, xalqımızın əxlaq və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz hər zaman  mənfi qarşılamışdır. Toplumun bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlətin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qadınlara qarşı zorakılıq hələ də mövcuddur.
Gender əsaslı zorakılıqlara qarşı mübarizə aparan Qeyri-Hökumət Təşkilatları təmsilçiləri olaraq, qadınlara qarşı hər növ zorakılığı ciddi şəkildə qınayır və pisləyir, bu hadisələri ailə və ya şəxsi məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qətiyyən qəbul etmirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, aidiyyəti dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsini zəruri hesab edirik. 
Düşünürük ki, vətəndaş cəmiyyəti institutunun qadın nümayəndələri olaraq, bundan sonra da gender əsaslı zorakılıqla mübarizə ən vacib işimiz olmalıdır. Fəaliyyətimizin tərkib hissəsi olaraq, problemi sistemli şəkildə və dərindən öyrənməli, dərk etməli, onunla mübarizəni təmin etməliyik.
Hesab edirik ki, ölkədə qadınlara qarşı şiddətin səviyyəsinin aşağı salınması və qadınlara qarşı artan məişət zorakılığının qarşısının alınması üçün məhz bu xüsusda qanunvericilik bazası təkmilləşdirilməli, “Gender gündəmi” hazırlanmalı, “Məişət orakılığı haqqında” Qanunda müdafiə mexanizmləri, qadınlardan ibarət müvafiq platforma və koordinasiya mərkəzi, bələdiyyələrdə qadın otaqları və onların  təhlükəsizliyini təmin edən və xilasına yönəlik mobil tətbiq yaradılmalı və milli mexanizmə çevrilməli, sosial şəbəkələrdə maarifləndirmə xarakterli kiçik videolar paylaşılmalı, məktəblərdə ictimai xadimlərlə görüşlər təşkil olunmalı, geniş maarifçilik işi aparılmalı, bələdiyyə və icra nümayəndələri ilə birlikdə ailələrdə söhbətlər aparılmalı, ictimai nəzarət komissiyasına sosial işçilər cəlb olunmalı, QHT-lərdən ibarət monitorinq və qiymətləndirmə qrupları formalaşdırılmalı, məişət zorakılığına məruz qalmış qadınların mühafizə orderi alması kimi prosedur qaydaları sadələşdirilməlidir. 
Bəyanatı imzalayan QHT rəhbərləri:
• D. Əliyeva adina Azərbaycan Qadinlarının Hüquqlarının  Müdafiə Cəmiyyəti  ictimai  birliyinin sədri - Novella Cəfərova
• “Gəncə Regional Qadın Mərkəzi” ictimai birliyinin sədri - Məleykə Əlizadə
• “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri - Vüsalə Hüseynli
• Yuva Humanitar Mərkəzi ictimai birliyinin sədri – Pərvanə Məmmədova
• "Azərbaycan Qadınları Respublika Cəmiyyəti"  ictimai birliyinin sədri - Bahar Qasımova
• "Sosial - İqtisadi və Ekoloji İnkişaf" ictimai birliyinin sədri - Rahilə Mehtiyeva 
• "Azərbaycan Uşaqları" ictimai birliyinin sədri - Kəmalə Ağazadə
• "Yeni Həyat" Humanitar və Sosial Dayaq ictimai birliyinin sədri - Nailə İsmayılova
• “Ailə Dünyası” ailələrə hüquqi yardım ictimai birliyinin sədri - Gülayə Səfərova
• "Azad həmfikirlər" Gənclərin Maarifləndirilməsi ictimai birliyinin sədri - Samirə Mustafayeva
• “Inkişafa Doğru Qadın Təşəbbüsü ictimai birliyinin sədri - Ziba Nəbiyeva  
• "Hüquqşünas Qadınlar Assosiasiyası" ictimai birliyinin sədri - Xanım Əhmədzadə 
• “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” ictimai birliyinin sədri – Sevil Allahverdiyeva
• “Qadın və uşaqların təhsilinə dəstək” ictimai birliyinin sədri - Sevinc Abdullayeva.






Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor